#Uşaq ölümü Qəzza

HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.

HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb. Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.

Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib. Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib. O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir. “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.

İsrailin hücumları və blokadası nəticəsində aclıq yaşanan Qəzza zolağında son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, ümumi sayın 263-ə yüksəldiyi bildirilib. Qəzzə Səhiyyə Nazirliyinin Baş direktoru Munir əl-Burş verdiyi açıqlamada bölgədə aclıq səbəbilə həyatını itirənlərlə bağlı məlumat verib. Burş bildirib ki, İsrailin blokadası və hücumları altındakı Qəzzəyə qarşı tətbiq etdiyi aclıq siyasəti can almağa davam edir. Son 24 saatda 2-si uşaq olmaqla 5 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbindən həyatını itirib. Burşun sözlərinə görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzzədə 112-si uşaq olmaqla 263 nəfər aclıqdan ölüb.

ABŞ dövlət katibi Marko Rubio, 16 avqustda Qəzzalılara ziyarətçi vizalarının verilməsinin dayandırıldığını elan etdikdən sonra, bu qərarın yenidən nəzərdən keçiriləcəyini bildirib. Rubio, CBS News-a verdiyi müsahibədə, ABŞ-ın Qəzza xalqına verdiyi ziyarətçi vizalarının dayandırılması ilə bağlı danışıb. Rubio bildirib ki, yalnız Qəzzalı uşaqlara deyil, onlara müşayiət edən böyüklərə də viza verildiyini xatırladıb. Rubio, Konqresə təqdim olunan sübutlara əsasən, viza prosesi ilə əlaqəli olan bəzi qurumların HƏMAS-la güclü əlaqələrinin olduğunu iddia edərək, “HƏMAS-la dost münasibətdə olan qruplarla əməkdaşlıq etməyəcəyik.” - deyə qeyd edib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) xəbərdarlıq edib ki, Qəzza zolağında bir milyon qadın və qız uşağı “kütləvi aclıq”la qarşı-qarşıyadır. Bu, 2023-cü ilin oktyabrından bəri davam edən İsrail mühasirəsi və soyqırım müharibəsi fonunda baş verir. Agentlik “X” platformasında yayımladığı açıqlamada bildirib ki, qadınlar və qızlar “getdikcə daha təhlükəli sağ qalma strategiyaları”na əl atmağa məcbur qalır. Onlar yemək və su tapmaq üçün evlərini tərk edirlər, lakin bu zaman ölüm, zorakılıq və sui-istifadə riski ilə üzləşirlər. UNRWA Qəzzaya tətbiq olunan blokadanın qaldırılmasını və humanitar yardımların geniş şəkildə bölgəyə buraxılmasını tələb edib. Agentlik qeyd edib ki, İsrail keçid məntəqələrini bağlı saxladığı üçün yardımlar yığılıb qalır, bu da humanitar böhranı dərinləşdirərək genişmiqyaslı aclığa səbəb olur.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına davam etdirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saat ərzində 47 nəfər artaraq 61 min 944-ə yüksəlib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda bölgədəki xəstəxanalara 47 şəhidin və 226 yaralının gətirildiyi bildirilib.İsrail ordusunun 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan etibarən yenidən başladığı hücumlarda indiyə qədər 10 min 400 Fələstinli həyatını itirib, 43 min 845 nəfər isə yaralanıb. Son 24 saatda Qəzzada humanitar yardım üçün gözləyən mülki şəxslərə edilən hücumlarda 14 nəfər öldürülüb, 132 nəfər yaralanıb. Bu hücumların, 27 maydan bu yana ABŞ və İsrailin nəzarətində fəaliyyət göstərən “Qəzza Humanitar Yardım Fondu” tərəfindən qurulan yardım bölgələrində Fələstinlilərə qarşı sistemli şəkildə həyata keçirildiyi bildirilib.

HƏMAS, İsrail Ordusunun Baş Qərargah rəisinin bu gün Qəzza şəhərinin işğal planlarını təsdiqləməyə hazırlaşmasının bölgədə yeni bir soyqırım və kütləvi köç dalğasının başlanğıcı olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, bu plan yüz minlərlə Qəzzə sakini və sığınan mülki şəxslər üçün kütləvi qırğın və məcburi köçürülmə təhlükəsi yaradır. HƏMAS İsrailin bu addımını böyük müharibə cinayəti kimi qiymətləndirib və 22 aydır davam edən soyqırım siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. ABŞ-ın bu siyasətə dəstək verdiyi də bildirilib.

Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər. Bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.

İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda həmçinin qeyd olunub ki, İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.