#HƏMAS

Beynəlxalq Media Assosiasiyası (FPA) İsrail hökumətini Qəzzaya xarici jurnalistlərin sərbəst girişini təmin etməməkdə “məyusedici” qərar verməkdə tənqid edib. Hökumət Ali Məhkəməyə verdiyi ərizədə təhlükəsizlik səbəblərinə görə Qəzzaya giriş qadağasının qalmasını tələb edib. FPA, İsraildə və Fələstin ərazilərində yüzlərlə jurnalisti təmsil edən qurum olaraq, ərizə ilə xarici jurnalistlərin Qəzzaya dərhal və sərbəst girişi üçün məhkəməyə müraciət etmişdi.

Yaxın Şərq hazırda yeni regional böhranın astanasında kritik mərhələdən keçir. Mövcud vəziyyət İsrail–İran qarşıdurması, Tehranın regiondakı silahlı müttəfiqləri – “Hizbullah”, Qəzza zolağında “HƏMAS”, Yəməndə isə husilərin fəaliyyəti fonunda getdikcə daha mürəkkəb və təhlükəli xarakter alır. Analitiklər bildirirlər ki, regionun müxtəlif nöqtələrində inkişaf edən böhranlar artıq ayrı-ayrı proseslər deyil. İstənilən bir cəbhədə baş verən eskalasiya digər bölgələrdə zəncirvari reaksiyalara səbəb ola bilər ki, bu da çoxcəhətli və genişmiqyaslı münaqişə riskini artırır.

İtaliya polisi şənbə günü açıqlayıb ki, Fələstin qruplaşması HƏMAS üçün milyonlarla avro toplamaqla günahlandırılan yeddi nəfəri həbs edib. Polisin açıqlamasına görə, rəsmi olaraq Fələstin vətəndaşlarına dəstək göstərmək məqsədilə fəaliyyət göstərdiyi bildirilsə də, əslində HƏMAS-ın maliyyələşdirilməsi üçün vasitəçilik edən üç təşkilat istintaqa cəlb olunub.

İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş köməkçisi və mətbuat katibi Eli Feldşteyn 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan dərhal sonra baş nazirin ondan təhlükəsizlik boşluğu ilə bağlı məsuliyyətdən yayınmaq üçün plan hazırlamağı tələb etdiyini iddia edib. Onun sözlərinə görə, hücumdan sonra Netanyahudan aldığı “ilk tapşırıq” ictimaiyyət və mediada məsuliyyət məsələsinin gündəmdən çıxarılması olub. Feldşteyn bildirib ki, baş nazir mediada məsuliyyət mövzusunun müzakirə edilib-edilmədiyi ilə maraqlanıb və bu mövzuda yaranmış təzyiqin necə neytrallaşdırıla biləcəyi barədə təkliflər istəyib.

ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada atəşkəsin tərəflərini öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırıblar. Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə aparılan danışıqlardan sonra məlumat verib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi olan Uitkoffla adıçəkilən ölkələrin rəsmiləri 10 oktyabrda qüvvəyə minmiş atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək üçün görüşüblər.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və humanitar yardım qurumları çərşənbə günü bildiriblər ki, İsrailin tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılmasa, Fələstin ərazilərində, xüsusilə Qəzza zolağında humanitar əməliyyatlar çökmə riski ilə qarşı-qarşıyadır. Yardım təşkilatları İsrailin tətbiq etdiyi qeydiyyat prosesini “qeyri-müəyyən, ixtiyari və yüksək dərəcədə siyasiləşdirilmiş” adlandırıblar. BMT və 200-dən çox yerli və beynəlxalq yardım təşkilatının birgə bəyanatında bildirilib ki, onlarla beynəlxalq qeyri-hökumət təşkilatı (INGO) dekabrın 31-dək qeydiyyatdan çıxarılmaq təhlükəsi ilə üzləşir. Bu isə onların 60 gün ərzində fəaliyyətini tam dayandırması deməkdir.

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Tom Barrak ilə görüşüb. Görüş, bu ayın sonlarında Florida ştatında keçirilməsi planlaşdırılan ABŞ–İsrail sammiti ərəfəsində Vaşinqtonun Netanyahoya ünvanladığı açıq və sərt mesajlar fonunda baş tutub. İsrail mediasının məlumatına görə, danışıqlarda əsas diqqət Qəzza zolağındakı vəziyyət, Suriyada təhlükəsizlik məsələləri və Netanyahunun Tramp ilə gözlənilən görüşünə yönəlib. ABŞ tərəfi Qəzzada atəşkəsin ikinci mərhələsinə keçidin vacibliyini vurğulayaraq, Türkiyənin mümkün beynəlxalq missiyada rolunun əhəmiyyətini ön plana çıxarıb. Bildirilib ki, Türkiyə HƏMAS üzərində təsir imkanlarına malik əsas aktorlardan biridir və prosesdən kənarda saxlanılması planın risk altına düşməsinə səbəb ola bilər.

Onilliklərlə davam edən təqibdən sonra İsrail şənbə günü Fələstinin “HƏMAS” hərəkatının tanınmış simalarından olan Raid Səədin Qəzza şəhərinə endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. İsrail ordusu Səədi “HƏMAS” üçün “döyüş vasitələrinin yenidən istehsalını bərpa etməyə çalışan” şəxs kimi ittiham edib. Ordu onu “HƏMAS”da silah istehsalı qüvvəsinin rəhbəri” adlandırıb. “HƏMAS”dakı mənbələr isə onu hərəkatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın rəhbərliyində İzzəddin əl-Həddaddan sonra “ikinci şəxs” kimi təqdim ediblər.

HƏMAS İsrail ordusunun atəşkəs razılaşmasını pozmağa davam etdiyini və geri çəkildiyi ərazilərdə məcburi köçkün mülki şəxsləri hədəf aldığını açıqladı. HƏMAS-ın sözçüsü Hazem Qassem yazılı açıqlamasında bildirib ki, İsrail ordusu atəşkəs razılaşmasını pozur, geri çəkildiyi ərazilər kimi müəyyən edilən "Sarı Xətt"in xaricindəki sığınacaqları və məcburi köçkün düşərgələrini hədəf alır.

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 10 fələstinli həyatını itirib. 7 oktyabr 2023-cü ildə başlayan hücumlar nəticəsində ölənlərin ümumi sayı 69 min 785 nəfərə, yaralıların sayı isə 170 min 965 nəfərə yüksəlib. Qəzza Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, son sutkada İsrailin hücumları nəticəsində 8-i dağıntılar altından çıxarılan olmaqla ümumilikdə 10 nəfərin cəsədi xəstəxanalara çatdırılıb.