ABŞ-da 3 noyabr 2026-cı ildə keçiriləcək aralıq seçkilər və İsraildə 27 oktyabr 2026-cı il parlament seçkiləri Donald Tramp və Benyamin Netanyahu üçün mühüm siyasi sınaq olacaq. Hər iki liderin seçicilərdən dəstək almaq üçün fərqli mövqelər nümayiş etdirməsi diqqət çəkir. ABŞ-da Nümayəndələr Palatasının 435 deputatı, Senatın isə 100 yerindən 35-i yenidən seçiləcək. Eyni zamanda 36 ştatda qubernator seçkiləri keçiriləcək. İsraildə isə Knesset seçkiləri hökumətin gələcək istiqamətini müəyyənləşdirə bilər.
#İsrail parlament seçkiləri
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının üzvləri oktyabrın 27-də keçiriləcək parlament seçkiləri öncəsi namizədləri müəyyənləşdirib. Partiyanın 140 min üzvü ilkin səsvermədə iştirak edib. Netanyahu isə parlament siyahısında təxminən 10 yeri özü müəyyənləşdirmək səlahiyyətini saxlayıb. İctimai rəy sorğularında Likudun parlamentdəki mandatlarının hazırkı 32 yerdən 22-yə qədər azalmasının mümkün olduğu göstərilir. Bu, uzun müddətdir İsrail siyasətində dominant mövqedə olan Netanyahu üçün seçkilərdə ciddi rəqabət deməkdir.