Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi işğal altındakı Fələstin ərazilərində vəziyyətin ağırlaşdığını açıqlayıb. Qəzzada əhalinin təxminən 90 faizinin iyulun əvvəlində orta və yüksək səviyyəli su çatışmazlığı ilə üzləşdiyi bildirilib. Qəzza əhalisinin böyük hissəsi məcburi köçkün vəziyyətində qalmaqda davam edir. Hesabata görə, 2023-cü ilin oktyabrından Qəzzada yaralanan hər dörd fələstinlidən təxminən biri ağır və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola biləcək xəsarətlər alıb. İordan çayının qərb sahilində isə İsrailli köçkünlərin hücumları davam edir. Bir həftə ərzində 38 belə hücum qeydə alınıb. Məsafir Yatta bölgəsində beş fələstinli yaralanıb, üç ev dağıdılıb və 23 nəfər məcburi köçkün vəziyyətinə düşüb. İsrail hakimiyyətinin 25 fələstinliyə məxsus tikilini dağıtdığı və 29 nəfəri evsiz qoyduğu da açıqlanıb. Dağıdılan tikililər arasında 54 şagirdin istifadə etdiyi məktəbin bir hissəsinin olduğu bildirilib.