Səudiyyə Ərəbistanı Hörmüz boğazından keçən Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkətinə məxsus iki tankerə hücumu pisləyib. Ər-Riyad hücumların İran tərəfindən həyata keçirildiyini bildirib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hadisəni dəniz nəqliyyatı və qlobal enerji təchizatı üçün birbaşa təhdid adlandırıb. Nazirlik baş verənlərin nəticələrinə görə İranı tam məsuliyyət daşıyan tərəf hesab etdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri də İrana qarşı etirazını bildirib. Əbu-Dabinin Milli Neft Şirkəti iki gəmisinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını təsdiqləyib. Şirkət hadisənin nəzarət altına alındığını açıqlayıb. Hücum Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi və qlobal enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb.