Yəməndə husilərin hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirməsi ölkədə uzunmüddətli müharibənin yenidən alovlanacağı ilə bağlı narahatlıqları artırıb. Ölkədə on ildən artıq davam edən və on minlərlə insanın ölümünə, milyonlarla şəxsin didərgin düşməsinə səbəb olan vətəndaş müharibəsindən sonra 2022-ci ildə əldə edilən atəşkəs nisbi sakitlik yaradıb. Lakin son həftələrdə qarşıdurmaların yenidən şiddətlənməsi əhalidə müharibə qorxusunu artırıb.
#Husi hücumları
Yəmən Prezident Administrasiyasının Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi İranın dəstəklədiyi husilərin son hücumlarının beynəlxalq ictimaiyyət üçün ölkədə sülhün qorunmasına sadiqliyin yeni sınağı olduğunu bildirib. Əl-Əlimi Ər-Riyadda Yəməndə sülh prosesinə dəstək verən ölkələrin səfirləri ilə görüşündə hökumətin son eskalasiyanı başlatmadığını və qarşıdurma yaratmağa çalışmadığını vurğulayıb.