İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İrana qarşı hücumlarda süni intellekt məlumatlarından istifadə etdiyini iddia edib. O, bu barədə Tehran Universitetində keçirilən tədbirdə danışıb. Pezeşkianın sözlərinə görə, hücumların məqsədi İranda təhlükəsizlik böhranı yaratmaq və ölkəni sosial-iqtisadi çətinliklərə sürükləmək olub. İran prezidenti ABŞ və İsrailin planlarının süni intellekt məlumatları, casus şəbəkələri və daxili tərəfdarlarına əsaslandığını bildirib. O, bu hesablamaların uğursuz olduğunu iddia edib. Pezeşkian açıqlamasında iddialarını təsdiqləyən konkret sübutlar təqdim etməyib. İran rəhbərliyi daha əvvəl də xarici qüvvələri ölkədə sabitliyi pozmağa çalışmaqda ittiham edib. Açıqlama Tehranla Vaşinqton və Təl-Əviv arasında gərginliyin davam etdiyi dövrdə verilib.