BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq husilərin Əl-Məxa şəhərinə hücumlarını pisləyərək gərginliyin azaldılmasına çağırıb. O, son hücumların 2022-ci il atəşkəsindən sonra Yəməndə hərbi fəaliyyətin ən ciddi artımı olduğunu bildirib. Qrundberq bu vəziyyətin tammiqyaslı münaqişənin yenidən başlaması riskini artırdığını qeyd edib. BMT rəsmisi mülki əhalinin və infrastrukturun qorunmasının vacibliyini vurğulayıb. Yəmən hökumətinə bağlı ordu Əl-Məxa hücumunda yeddi nəfərin öldüyünü açıqlayıb. Ölənlər arasında hərbçilər və mülki şəxslər olduğu bildirilib. Hücum nəticəsində azı 30 nəfərin yaralandığı qeyd olunub. Daha əvvəl həyata keçirilən hücumlarda isə 11 nəfərin öldüyü açıqlanmışdı.