ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilməsini təklif edib. Tramp boğazın “Tramp boğazı” adlandırılması fikrini irəli sürüb. O, təklifini sosial şəbəkə hesabında yayımlayıb. ABŞ Prezidenti Hörmüz boğazının hazırda ölkəsinin nəzarətində olduğunu iddia edib. Tramp məhz bu iddiasına əsaslanaraq boğazın adının dəyişdirilməsi məsələsini gündəmə gətirib. Açıqlama Hörmüz boğazında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib. Hörmüz boğazı dünyanın ən mühüm dəniz və enerji yollarından biri hesab olunur. Trampın təklifinə bölgə ölkələrinin münasibəti barədə hələlik məlumat verilməyib.
#Hörmüz boğazında gərginlik
İran rəsmiləri Hörmüz boğazında gəmi hərəkətinə nəzarətin Tehranın əlində olduğunu bildirərək ABŞ-ın bölgədəki mövqeyinə qarşı çıxıblar. İran rəsmiləri boğazdan heç bir gəminin ölkənin icazəsi və nəzarəti olmadan keçə bilməyəcəyini vurğulayıb. İranın ali rəhbərinin müşaviri Məhəmməd Müxbir isə Tehranın tələbləri yerinə yetirilmədiyi halda “hücum xarakterli müharibə” strategiyasına keçə biləcəyini açıqlayıb.
İran və ABŞ arasında qarşıdurmanın yenidən kəskinləşməsi fonunda strateji diqqət nüvə proqramından Hörmüz boğazına yönəlib. Hazırkı mərhələdə əsas sual İranın uranı zənginləşdirib-zənginləşdirməyəcəyi deyil, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün təhlükəsiz və fasiləsiz açıq qalıb-qalmayacağıdır. Münaqişənin əvvəlki mərhələsində diplomatik səylər İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, beynəlxalq yoxlamalar, sanksiyaların yumşaldılması və Tehranın yeni məhdudiyyətləri qəbul edib-etməməsi ətrafında cəmləşirdi. Lakin hərbi əməliyyatların yenidən başlaması ilə strateji ağırlıq mərkəzi dəyişərək Hörmüz boğazına keçib.