İsrail ordusu Qəzza zolağının cənubunda keçirilən hava əməliyyatı zamanı HƏMAS-ın hərbi qanadının komandirlərindən biri hesab etdiyi Yəhya Səid Məhəmməd Həmdanın öldürüldüyünü açıqlayıb. İsrail tərəfi onun “İzzəddin əl-Qəssam Briqadaları”nın “Nuxba” qüvvələri ilə əlaqəli olduğunu və 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hücumlarda iştirak etdiyini iddia edib. İsrail Müdafiə Ordusu bildirib ki, əməliyyat dəqiq hava zərbəsi ilə həyata keçirilib və Həmdan bölgədə fəaliyyət göstərən İsrail qüvvələri üçün təhlükə hesab olunub. Hadisə Qəzzada davam edən hərbi gərginlik fonunda baş verib. HƏMAS isə İsrail ordusunun açıqlaması ilə bağlı dərhal mövqe bildirməyib.