#Stiv Vitkoff

Qətər Xarici İşlər Nazirliyi ABŞ nümayəndələrinin Dohada olduğunu təsdiqləyib. Bildirilib ki, Cared Kuşner və Stiv Vitkoff İran rəsmiləri ilə birbaşa görüş keçirməyəcəklər. Onların yalnız vasitəçilərlə danışıqlar aparacağı qeyd olunub. Görüşlərdə ABŞ-İran danışıqlarının gedişi müzakirə ediləcək. Qətər tərəfi İrana məxsus 6 milyard dollar dondurulmuş vəsaitin hələ də köçürülmədiyini də açıqlayıb. ABŞ və İran nümayəndə heyətlərinin səfərlərinin bir-biri ilə əlaqəli olmadığı bildirilib. Diplomatik təmaslar vasitəçilər üzərindən davam etdirilir.

ABŞ ilə İran arasında mümkün danışıqlarla bağlı yeni açıqlamalar diqqət çəkib. Ağ Ev Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin çərşənbə axşamı Qətərdə İran rəsmiləri ilə görüşəcəyini açıqlayıb. Bildirilib ki, Dohada həm yüksək səviyyəli görüşlər, həm də texniki danışıqlar keçiriləcək. Görüşlərin anlaşma memorandumu ilə bağlı müzakirələrə həsr olunacağı qeyd edilib. Bununla yanaşı, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ rəsmiləri ilə planlaşdırılmış görüşün olmadığını bəyan edib. Tərəflərin fərqli açıqlamaları diplomatik proses ətrafında qeyri-müəyyənliyi artırıb. Hazırda beynəlxalq ictimaiyyət Qətərdə mümkün təmasların baş tutub-tutmayacağını diqqətlə izləyir.