#məxfi sənədlər

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton məxfi sənədlərlə bağlı cinayət işi üzrə günahını etiraf edib. O, federal məhkəmədə bir ittiham maddəsi üzrə təqsirini qəbul edərək peşman olduğunu bildirib. Razılaşmaya əsasən, prokurorluq onun beş ildən artıq həbs cəzası almasını tələb etməyəcək. Bundan əlavə, Bolton 2,25 milyon ABŞ dolları məbləğində cərimə ödəyəcək. Keçmiş müşavir əvvəlcə milli müdafiəyə aid çox məxfi məlumatların ötürülməsi və saxlanılması ilə bağlı 18 maddə üzrə ittiham olunmuşdu. İstintaq onun məxfi sənədləri elektron poçt vasitəsilə səlahiyyəti olmayan şəxslərə göndərdiyini iddia edir. Con Bolton son illərdə Donald Trampın siyasətini, xüsusilə İranla bağlı mövqeyini açıq şəkildə tənqid edən tanınmış simalardan biri olub. Məhkəmə işi ABŞ-da məxfi dövlət sənədlərinin qorunması ilə bağlı növbəti səs-küylü proseslərdən biri kimi qiymətləndirilir.