#Həlimə Hüseyn

Venesuelada baş vermiş güclü zəlzələlərin nəticələri ölkənin bir çox bölgəsində həyatın normal axarını pozmağa davam edir. Sərhədsiz Həkimlər təşkilatı bildirir ki, mobil rabitə və internet xidmətlərinin olmaması humanitar yardımın əlaqələndirilməsini çətinləşdirir. Ən ağır vəziyyət La Quayra şəhərində müşahidə olunur. Burada bəzi yaşayış məntəqələri hələ də elektrik enerjisiz qalıb. Yerli hakimiyyət orqanları evlərini itirmiş insanların yerləşdirilməsi üçün idman komplekslərini müvəqqəti sığınacaqlara çevirirlər. Minlərlə insan təhlükəsizlik səbəbindən gecəni küçələrdə və meydanlarda keçirib. Onların bir hissəsi evlərinin dağılması, digərləri isə binaların qəzalı vəziyyətdə olması səbəbindən geri qayıda bilmir. Humanitar təşkilatlar zərərçəkənlərin əsas ehtiyaclarının qarşılanması üçün yardım əməliyyatlarını davam etdirirlər.