Almaniya hökuməti Avropada artan geosiyasi risklər fonunda hərbi xidmət sistemində dəyişiklik etməyə hazırlaşır. Kansler Fridrix Mersin rəhbərlik etdiyi hökumət könüllülük prinsipinə əsaslanan yeni hərbi xidmət modelini nəzərdə tutan qanun layihəsini kabinetə təqdim edib. Qanun layihəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, zərurət yarandığı halda məcburi hərbi xidmətin yenidən tətbiqinə hüquqi baza yaradır. İlk mərhələdə Almaniya ordusunun – Bundesverin – şəxsi heyətinin artırılması planlaşdırılır.
#Avropada təhlükəsizlik böhranı
Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Krımın ilhaqından sonra yaranmış təhlükəsizlik risklərinə lazımi səviyyədə reaksiya vermədiyini bildirib. Onun sözlərinə görə, həmin dövrdə qəbul edilməyən qərarlar nəticəsində Almaniya müdafiə hazırlığı baxımından ən azı altı il itirib. Helmut Şmidt Fondu tərəfindən təşkil olunan tədbirdə çıxış edən nazir qeyd edib ki, 2014-cü ildə Krımın ilhaqı Avropa üçün ciddi xəbərdarlıq siqnalı olsa da, Almaniya bu təhlükəni lazımi ciddiliklə qiymətləndirməyib.