Livan Prezidenti Cozef Aun ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb. Danışıq zamanı Livandakı son hadisələr və bölgədəki təhlükəsizlik vəziyyəti müzakirə olunub. Cozef Aun İsrailin Livan ərazilərinə hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb. O, hərtərəfli atəşkəsin əldə edilməsini əsas prioritet adlandırıb. Livan rəhbərliyi bu məsələnin gələn həftə Vaşinqtonda keçiriləcək danışıqlar üçün mühüm əhəmiyyət daşıdığını bildirir. Marko Rubio isə ABŞ-nin Livana dəstəyini təsdiqləyib. O, ölkədə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Tərəflər dövlət institutlarının gücləndirilməsi məsələsinə də toxunublar.