Şimali Kipr Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin müşayiəti ilə hərəkət edən yunan kiprli yanğınsöndürənin Çayhan Düzü ərazisinə qanunsuz daxil olması ilə bağlı etirazını bildirib. Nazirliyin yaydığı açıqlamaya görə, hadisə zamanı sözügedən şəxs ərazidə müəyyən edilərək saxlanılıb. Aparılan araşdırma nəticəsində onun Birləşmiş Millətlər Təşkilatının Kiprdəki Sülhməramlı Qüvvələri ilə birlikdə bufer zona daxilində həyata keçirilən fəaliyyət çərçivəsində bölgədə olduğu müəyyənləşdirilib. Lazımi xəbərdarlıqlardan sonra həmin şəxs sərbəst buraxılıb.