#Diplomatik kanallar

İran rəsmiləri ABŞ-a qarşı həyata keçirilən cavab əməliyyatlarını “qanuni müdafiə addımları” adlandırsa da, mövcud atəşkəsin tam şəkildə pozulduğunu bəyan etmirlər. Analitiklər hesab edirlər ki, Tehran bir tərəfdən hərbi eskalasiyanı davam etdirir, digər tərəfdən isə diplomatik kanalları tam bağlamamağa çalışır. İranın ehtiyatlı ritorikası regionda gərginliyin artdığı bir vaxtda mümkün danışıqlar və vasitəçilik imkanlarını qorumağa yönəlmiş addım kimi qiymətləndirilir.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın ABŞ və İran arasında aparılan danışıqlara yardım etməyə hazır olduğunu, lakin bunu tərəflərə məcburi təqdim etməyəcəyini açıqlayıb. Ryabkov müsahibəsində Rusiyanın münaqişənin həllinə mümkün olan bütün yardımı göstərməyə hazır olduğunu və bunu yalnız tərəflərin uyğun müraciəti olduqda edəcəyini deyib. O bildirib: “Rusiya bu münaqişənin həllinə mümkün olan bütün yardımı göstərməyə hazırdır və bu, tərəflərə yaxşı məlumdur. Eyni zamanda, biz heç vaxt öz xidmətlərimizi qəbul etdirməmişik və bunu etmək niyyətində də deyilik. Lakin uyğun müraciət olarsa, yardım əlimizi uzadacağıq.”