#Azərbaycan-Ermənistan

Azərbaycan və Ermənistan problemli məsələləri ikitərəfli qaydada həll etmək öhdəliyi götürüblər. Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq hüquqi iddialardan imtina edirlər. "Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar. Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilk dəfə olaraq “separatizm” anlayışına aydınlıq gətirir. "Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər", - sənəddə deyilir.

Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mübadiləsi aparacaqlar. "Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan bir-birinə qarşı güc tətbiqindən imtina edirlər. "Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər", - sənəddə deyilir.

Bakı və İrəvan indi və gələcəkdə bir-birinə qarşı ərazi iddialarından imtina edirlər. "Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər; Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan SSRİ dövrünün sərhədlərini tanıyırlar. "Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in baş katibinə müraciət ediblər. "Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar", - sənəddə deyilir.

Türk Dövlətləri Təşkilatı (TDT), Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sülh razılaşmasını məmnunluqla qarşılayıb. Təşkilat, ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan ortaq bəyannaməni və ATƏT-in Minsk Qrupu mexanizminin bağlanması çağırışını bölgə üçün “əlamətdar dönüş nöqtəsi” kimi dəyərləndirib. TDT Baş katibi, səfir Kubanıçbek Ömüraliyev açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma Cənubi Qafqazda qalıcı sülh, sabitlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Misirin Xarici İşlər naziri Bədir Əbdülati, Misirdə keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər. Görüşdə bölgə məsələləri, xüsusilə Suriya və Fələstindəki vəziyyət əsas gündəm mövzuları olub. Nazir Əbdülati çıxışında bildirib ki, Misir və Türkiyə Suriyanın ərazi bütövlüyünə və bütünlüyünə dəstək verir, eyni zamanda heç kimi istisna etməyən daxili siyasi həllin vacibliyi mövzusunda razılığa gəliblər.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı açıqlama verib. O bildirib ki, ədalətli və qarşılıqlı hörmətə əsaslanan bir sülh mühiti bütün bölgə üçün müsbət nəticələr verəcək. Sosial media hesabında açıqlama yayan Yılmaz, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Ağ Evdə birgə sülh bəyannaməsi imzalamasını məmnunluqla qarşıladıqlarını qeyd edib. Yılmaz, bu prosesin davamlı və dayanıqlı sülhlə nəticələnməsini arzuladıqlarını bildirib.