Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən ICAPP Qadın Qolunun 9-cu toplantısında çıxış edərək, qadınların ölkənin siyasi və sosial həyatındakı rolunu yüksək qiymətləndirib. Dövlət başçısı qadınların dəstəyi ilə Türkiyədə tarixi islahatların həyata keçirildiyini vurğulayıb. Yarım əsrə yaxın siyasi fəaliyyəti dövründə qadınlarla çiyin-çiyinə çalışmaqdan qürur duyduğunu bildirən Ərdoğan, AK Partiyanın qazandığı uğurların təməlində qadın qollarının dayandığını qeyd edib. O, partiyanın 25-ci ildönümündə AK Partiya Qadın Qollarını Türkiyənin ən dinamik və ən böyük qadın hərəkatı kimi xarakterizə edib.