#Azərbaycan və BMT arasında 2026-2030 əməkdaşlıq sənədi

Bakıda BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası keçirilir. İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan artıq 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər inkişaf imkanlarının yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır. Bu tərəfdaşlıq qlobal prioritetlərin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”lə uzlaşdırılmasına mühüm töhfə vermişdir. BMT ilə əməkdaşlıq çərçivəsində indiyədək əməkdaşlığa dair 5 Çərçivə Sənədi hazırlanmışdır və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur. 2021–2025-ci illəri əhatə edən əvvəlki Çərçivə Sənədi inklüziv artımın təşviqi, dövlət və sosial xidmətlər üçün institusional potensialın möhkəmləndirilməsi, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi prioritet istiqamətləri əhatə etmişdir.