#özünümüdafiə

Küveyt İranın son hücumlarını ən sərt şəkildə pisləyib. Xarici İşlər Nazirliyi bu hücumları "iyrənc təcavüz" adlandırıb. Rəsmi açıqlamada mülki infrastrukturun sistemli şəkildə hədəfə alındığı bildirilib. Nazirlik hücumların mülki əhalinin təhlükəsizliyini ciddi risk altında qoyduğunu vurğulayıb. Küveyt öz ərazi bütövlüyünü və strateji obyektlərini qorumaq hüququnu bəyan edib. Rəsmi Küveyt BMT Nizamnaməsində nəzərdə tutulan özünümüdafiə hüququna istinad edib. Hadisə Körfəz regionunda gərginliyin daha da artdığı bir dövrdə baş verib. Hücumlarla bağlı beynəlxalq reaksiyaların davam edəcəyi gözlənilir.

İran Xarici İşlər Nazirliyi ölkənin təhlükəsizlik siyasəti ilə bağlı yeni açıqlama yayıb. Nazirliyin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququna malikdir. O, Fars körfəzi sahilində yerləşən bəzi ölkələrin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarındakı rolunu tənqid edib. Bəqainin sözlərinə görə, İranın hərbi potensialı yalnız ölkənin müdafiəsinə və regionda sabitliyin qorunmasına xidmət edir. Açıqlamada ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları da sərt tənqid olunub. Eyni zamanda, İranın bölgədəki enerji obyektlərinə qarşı hücumlar həyata keçirdiyi barədə iddialara da toxunulub. Tehran regiondakı son hadisələr fonunda öz təhlükəsizlik maraqlarını qorumaqda qərarlı olduğunu vurğulayıb. Açıqlama İranla ABŞ və İsrail arasında davam edən gərgin ritorikanın növbəti nümunəsi kimi qiymətləndirilir.

ABŞ Mərkəzi Komandanlığı İranın Hörmüz boğazı və Fars körfəzi ölkələri istiqamətində həyata keçirdiyi hücumlardan sonra Sirik bölgəsində və Keşm adasında yerləşən sahil radiolokasiya məntəqələrinə zərbələr endirdiyini bəyan edib. Mərkəzi Komandanlığın sosial şəbəkədə yayımladığı açıqlamada bildirilir ki, ABŞ qüvvələri İran ərazisindən Hörmüz boğazı və Fars körfəzi ölkələri istiqamətində buraxılmış çoxsaylı ballistik raketləri və pilotsuz uçuş aparatlarını zərərsizləşdirib.

Bir aydan artıqdır davam edən müharibə dövründə ABŞ və İsrailin hava hücumlarına cavab olaraq atılan İran raketləri Körfəz ölkələrinin limanlarını, hava limanlarını, elektrik stansiyalarını, iqtisadi obyektlərini və mülki turizm mərkəzlərini hədəf alıb. Maraqlıdır ki, İranın öz "ideoloji düşməni" elan etdiyi İsrailə qarşı zərbələri daha məhdud və ehtiyatlı xarakter daşıyır.