#Ekoloji uğur: Türkiyə təkrar emal hədəflərini açıqladı

Türkiyə martın 30-da qeyd olunan Beynəlxalq Sıfır Tullantı Günü çərçivəsində qlobal ekoloji hərəkatın mərkəzi qərargahı kimi çıxış edib. Ölkənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə təxminən on il əvvəl başladılan bu təşəbbüs yerli təkrar emal layihəsindən beynəlxalq proqrama çevrilərək geniş vüsət alıb. Layihənin icrasına başlanılan 2017-ci ildən bu yana Türkiyə 90 milyon ton tullantını təkrar emal edərək iqtisadi dövriyyəyə qaytarıb ki, bu da ölkə iqtisadiyyatına 365 milyard türk lirəsi məbləğində xeyir verib. Statisitik məlumatlara görə, tullantıların təkrar emalı səviyyəsi 2017-ci ildəki 13 faizdən 2025-ci ildə 37,53 faizə yüksəlib. Rəsmi Ankara bu göstəricini 2035-ci ilə qədər 60 faizə, 2053-cü ilə qədər isə 70 faizə çatdırmağı hədəfləyir.