#BEA

Beynəlxalq Enerji Agentliyi strateji neft ehtiyatlarının ikinci dəfə bazara çıxarılmasını hazırda müzakirə etmir. Qurumun rəhbəri Fatih Birol qlobal enerji bazarlarının yaxından izlənildiyini bildirib. BEA mart ayında 400 milyon barel nefti strateji ehtiyatlardan bazara çıxarıb. Bu, agentliyin tarixində ən böyük belə addım olub. Qərar ABŞ və İsrailin İranla müharibəsinin başlamasından iki həftə sonra qəbul edilmişdi. Fatih Birolun sözlərinə görə, strateji ehtiyatların 80 faizi hələ də qalır. Bu ehtiyatlar mümkün yeni təchizat böhranı zamanı istifadə oluna bilər. Hazırda isə ikinci müdaxilə ilə bağlı müzakirə aparılmır.

“Boğazın bağlı qalması dünya bazarında neft tədarükü zəncirini qıraraq görünməmiş fəsadlara yol açır. Vəziyyət tələb edərsə, bazardakı kəsiri aradan qaldırmaq üçün strateji neft ehtiyatlarından daha böyük həcmdə istifadə edilə bilər. Lakin ehtiyatların sərbəst buraxılması üçün konkret bir qiymət həddi müəyyən edilməyib; bu, tamamilə tədarükün vəziyyətindən asılı olacaq ”-deyə o qeyd edib.