#Qətər və Küveytin enerji infrastrukturu İranın PUA hücumlarına məruz qalıb

Yaxın Şərqdə dördüncü həftəsinə daxil olan hərbi münaqişə yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. ABŞ və İsrail hərbi hava qüvvələrinin İranın Nətənz nüvə obyektinə zərbələr endirdiyi, Tehranın isə buna cavab olaraq ilk dəfə region hüdudlarından kənara ballistik raketlər atdığı bildirilir. İranın Nətənz uran zənginləşdirmə zavoduna edilən hücumdan sonra binalara ciddi ziyan dəysə də, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ərazidə radiasiya sızmasının qeydə alınmadığını bəyan edib. Agentlik nüvə qəzası riskindən qaçmaq üçün tərəfləri hərbi təmkin nümayiş etdirməyə çağırıb. Buna cavab olaraq İran ordusu Hind okeanının mərkəzində yerləşən ABŞ və Britaniyanın Dieqo-Qarsiya müştərək hərbi bazasına iki orta mənzilli ballistik raket atıb. Raketlərin hədəfə dəymədiyi bildirilsə də, bu hadisə İranın Yaxın Şərq hüdudlarını aşan raket imkanlarını nümayiş etdirməsi baxımından ilk hal kimi qiymətləndirilir.