Görüşdə qeyd olunub ki, Azərbaycan regionda sabitlik və konstruktiv əməkdaşlıq üçün mühüm rol oynayır. Bu baxımdan ölkənin enerji siyasəti, xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və enerji dəhlizlərinin yaradılması beynəlxalq tərəfdaşların diqqətini cəlb edir. Hazırda Azərbaycanda külək və günəş enerjisi ilə işləyən11 elektrik stansiyası layihəsinin icra olunduğu və yeni generasiya güclərinin elektrik şəbəkəsinə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə şəbəkə üzrə xüsusi araşdırma aparıldığı diqqətə çatdırılıb. Həmçinin enerji istehsalına tələbatı artıran data mərkəzlərinin yaradılması planları və elektrik enerjisinin Avropaya ixracı üçün nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib. Bildirilib ki, 2032-ci ildən etibarən Şərqi Avropa ilə elektrik bağlantısının yaradılması planlaşdırılır. Bu baxımdan Azərbaycan enerji istehsalı layihələrində iştirak edən və daha sonra həmin enerjini Şərqi Avropa bazarlarında ticarətə çıxaran Avropa şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.