#Pakistan və Əfqanıstan arasında 2026-cı il hərbi münaqişəsi

Əfqanıstanın rəsmi nümayəndəsi Həmdullah Fitrət Pakistanın hava və quru hücumları nəticəsində yaranan ağır fəsadları açıqlayıb. Onun sözlərinə görə, hücumlar nəticəsində 110 nəfər həlak olub, 123 nəfər yaralanıb. Paktiya, Paktika, Xost, Kabil, Nanqarhar, Kunar və Qəndəhar bölgələrində 350 ev tamamilə və ya qismən dağılıb, 8 min 400 ailə isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Pakistan və Əfqanıstan arasında "Durand xətti" olaraq qəbul edilən sərhəd boyunca qarşılıqlı hərbi zərbələr davam edir. Pakistanın İnformasiya naziri Attaullah Tarar sosial media hesabı vasitəsilə keçirilən əməliyyatlarda Əfqanıstan tərəfindən 133 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. Tarar Kabil, Paktia və Kandaharda müəyyən edilmiş hədəflərin vurulduğunu, 27 mövqenin məhv edildiyini və 9 nöqtənin ələ keçirildiyini qeyd edib. Nazir həmçinin iki korpus və üç briqada qərargahı daxil olmaqla 80-dən çox nəqliyyat vasitəsinin sıradan çıxarıldığını iddia edib.

Pakistanın müdafiə naziri Xvaca Asif Əfqanıstan hökumətinə qarşı "açıq müharibə" elan edib. Cümə günü səhər Pakistan hərbi təyyarələri paytaxt Kabil, Qəndəhar və Paktika vilayətlərindəki hədəflərə hava zərbələri endirib. Bu əməliyyat Əfqanıstanın bir neçə saat əvvəl iki ölkə arasındakı sərhəd bölgəsində həyata keçirdiyi hərbi hücuma cavab olaraq gerçəkləşdirilib.