Tunis istehsalı olan “Hind Rəcəbin səsi” filmi 98-ci Oskar mükafatları çərçivəsində beynəlxalq film nominasiyası üzrə mübarizəyə qoşularaq qlobal kino gündəminə daxil olub. Film rəsmi şəkildə Tunisi “Ən yaxşı beynəlxalq film” nominasiyası üzrə təmsil etmək üçün seçilib. Tunisli rejissor Kövsər bin Hənniyyənin ekran işi 2024-cü ilin yanvarında Qəzza zolağında həlak olan fələstinli uşaq Hind Rəcəbin real həyat hekayəsinə əsaslanır. Filmin süjet xətti hadisə zamanı qeydə alınmış real səs yazılarına söykənir və uşaq tərəfindən edilən kömək çağırışlarını mərkəzə gətirir. Ekran əsəri sənədli və bədii üslub arasında balans yaradaraq səsi hadisənin əsas mənəvi şahidi kimi təqdim edir.