#Qəzza planı ətrafında gərginlik: Netanyahu Türkiyəni hədəf aldı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın təşəbbüsü ilə irəli sürülən Qəzza barış planı çərçivəsində Türkiyə və Qətər hərbçilərinin bölgədə yerləşdirilməsinə qarşı çıxıb. Netanyahu İsrail parlamentində keçirilən xüsusi iclasda çıxışı zamanı Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətər ordularının iştirakına icazə verilməyəcəyini iddia edib. Onun sözlərinə görə, sözügedən qüvvəyə ABŞ-li general-mayor Cəsper Ceffersin komandanlıq edəcəyi planlaşdırılır.