Almaniya Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun bu gün Qrenlandiyanı tərk edəcəyi bildirilib. Almaniya Xəbər Agentliyinə (DPA) danışan hərbi rəsmi 15 əsgərdən ibarət heyətin mülki təyyarə ilə Kopenhagenə yola düşəcəyini açıqlayıb. Heyətin qarşıya qoyulan vəzifəni yerinə yetirdiyini qeyd edən rəsmi kəşfiyyat nəticələrinin yaxın günlərdə qiymətləndiriləcəyini vurğulayıb.
#Qrenlandiya məsələsi: təhlükəsizlik
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək planlarına gözlənilməz reaksiya verib. Rusiyanın "İnterfaks" agentliyinə danışan Medvedyev Qrenlandiya sakinlərinin Rusiyaya birləşmək üçün səs verə biləcəyini iddia edib. Rusiya eks-prezidenti Donald Trampın Arktikada yerləşən bu nəhəng adanı ABŞ-a birləşdirmək üçün tələsməli olduğunu vurğulayıb.
ABŞ-ın Qrenlandiyaya marağı son illərdə, xüsusilə Donald Trampın prezidentliyi dövründə açıq şəkildə gündəmə gəlsə də, bu marağın kökləri İkinci Dünya müharibəsi və Soyuq müharibə dövrünə qədər uzanır. Qrenlandiya bu gün yalnız böyük bir ada deyil, Arktikanın təhlükəsizlik, hərbi-strateji və geosiyasi mərkəzlərindən biri kimi qiymətləndirilir. ABŞ-ın Qrenlandiyadakı mövcudluğunun hüquqi əsası 9 aprel 1941-ci ildə Vaşinqtonda imzalanan Qrenlandiya üzrə Müdafiə Sazişi ilə qoyulub. Bu sənəd Danimarkanın ABŞ-dakı səfiri Henrik Kaufmann tərəfindən, Kopenhagendəki hökumətin razılığı olmadan imzalanmışdı. Saziş ABŞ-a Qrenlandiyada sərbəst hərbi fəaliyyət, baza qurmaq və infrastrukturu təkbaşına idarə etmək imkanı verirdi.