Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib. Malayziya hökumət başçısını Ankara Esenboğa Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duranın sosial şəbəkə hesabında verdiyi məlumata görə, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.