#Sudan

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) ötən il 383 humanitar işçinin öldürüldüyünü açıqlayıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. UNOCHA-nın 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə bağlı yaydığı bəyanatda, humanitar işçilərə qarşı zorakılığın əvvəlki illə müqayisədə 31 faiz artdığı vurğulanıb. Ölənlərin əksəriyyətinin öz icmalarına xidmət edən yerli işçilər olduğu, onların vəzifə başında və ya evlərində hücuma məruz qaldıqları bildirilib. Bəyanata görə, 2024-cü ildə 308 yardımçı yaralanıb, 125 nəfər qaçırılıb, 45 nəfər isə nəzarətə götürülüb.

Sudan Səhiyyə Nazirliyi son bir həftədə ölkədə 2 min 627 yeni vəba hadisəsinin qeydə alındığını, bu müddətdə 50 nəfərin həyatını itirdiyini açıqlayıb. Məlumata görə, 2024-cü ilin avqustundan bəri ölkədə ümumilikdə 99 min 756 nəfər vəbaya yoluxub, ölənlərin sayı isə 2 min 475-ə çatıb. Uzun sürən yağışlar və daşqınlar xəstəliyin yayılmasını sürətləndirib. Sudan hakimiyyəti 12 avqust 2024-cü ildə vəbanı pandemiya elan edib.