#meşə yanğını

Yanğın günorta saatlarında Yalınca kəndi yaxınlığındakı meşə sahəsində başlayıb. Hadisə ilə bağlı kənd sakinləri 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Əraziyə cəlb edilən yanğınsöndürənlər dərhal alovla mübarizəyə başlayıblar. Fermerlər də təhlükə səbəbindən mal-qaranı tövlələrdən çıxararaq təhlükəsiz ərazilərə aparıblar. Yanğınsöndürənlər hazırda alovun geniş əraziyə yayılmasının qarşısını almaq üçün işlərini davam etdirirlər.

Türkiyədə 2025-ci ilin yay mövsümü yüksək temperatur, aşağı rütubət və güclü küləklərlə müşayiət olunan meşə yanğınları ilə keçib. Türkiyə Meşə Baş İdarəsinin (OGM) yaydığı məlumata görə, ölkə Aralıq dənizi iqlim qurşağında yerləşən digər ölkələr kimi bu il də ciddi yanğın riski ilə üz-üzə qalıb. Rəsmi statistikaya əsasən, bu dövr ərzində Avropanın müxtəlif ölkələrində baş verən yanğınlarda 440 min hektar, Türkiyədə isə 64 min 500 hektar sahə zərər görüb. OGM rəhbəri Bekir Karacabey-in verdiyi açıqlamaya görə, 1 yanvar – 17 avqust tarixləri arasında ölkə üzrə ümumilikdə 5 min 231 yanğın qeydə alınıb. Bunlardan 2 min 239-u meşə sahələrində, 2 min 992-si isə meşəxarici ərazilərdə baş verib. Statistik göstəricilər göstərir ki, yanğınların 57 faizi məhz meşəxarici ərazilərdə başlayıb və külək, yüksək istilik səbəbindən qısa müddətdə meşəlik sahələrə yayılıb. Nəticədə 64 min 500 hektar sahə ciddi ziyan görüb.

Türkiyənin Çanakkale vilayətinin Gelibolu rayonunda yanğın qeydə alınıb. Yanğına havadan və qurudan müdaxilə edilir. Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasında ötən gün yerli vaxtla saat 16:28-də başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik sahələrə yayılan yanğına qarşı mübarizə davam edir.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı meşə yanğınları ilə bağlı son durumu açıqlayıb. Nazir bildirib ki, Mersinin Anamur-Silifke, Diyarbəkirin Lice, Adıyamandın Besni, Afyonkarahisarın Bolvadin, Karamanın Ermenek, Çanaqqalanın Bayramiç və İzmirin Urla rayonlarında baş verən yanğınlar tamamilə nəzarət altına alınıb.

Türkiyənin Kocaeli, Bartın və Bursa şəhərlərində baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və qurudan intensiv iş aparılır. Kocaelinin Karamürsel rayonunun Suludərə məhəlləsində meşəlik ərazidə hələ müəyyən edilməmiş səbəbdən yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə və Meşə Təsərrüfatı İdarəsinin qrupları, eləcə də helikopterlər cəlb olunub. Kocaeli valisi İlhami Aktaş yanğınsöndürmə işlərinin küləkli hava şəraitində çətinləşdiyini bildirərək sakinləri diqqətli olmağa çağırıb.

Fransanın Aude departamentində baş verən və yay mövsümünün ən böyük meşə yanğınlarından biri kimi qeydə alınan hadisənin bilərəkdən törədilmiş ola biləcəyi ehtimal edilir. Montpellier Respublika Prokurorluğunun açıqlamasına görə, avqustun 5-də Laqrasse və Ribaute kəndləri arasında başlayan yanğın qısa müddətdə beş ətraf şəhərə yayılıb, təxminən 17 min hektar meşə sahəsi məhv olub. Hadisə nəticəsində bir nəfər həlak olub, çox sayda insan yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. 36 ev dağılıb.

Türkiyənin Hatay vilayətinin Hassa və Mersinin Silifke rayonlarında dünən başlayan meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və yerdən intensiv işlər aparılır. Güclü külək səbəbindən alovun sürətlə yayılması nəticəsində Hatayda Yukarıbucak və Bademli məhəllələrindən 540 sakin, Silifkedə isə altı məhəllə və beş yaşayış məntəqəsi ehtiyat tədbiri olaraq təxliyə edilib. Yanğınsöndürmə əməliyyatlarına helikopterlər, təyyarələr, 173 texnika və yüzlərlə canlı qüvvə cəlb olunub.

Türkiyənin Denizli vilayətinin Acıpayam rayonunda meşə yanğını baş verib. Yanğın meşəlik ərazidə başlayıb. Bölgəyə bir təyyarə, dörd helikopter, 19 yanğınsöndürmə maşını, 11 ilkin müdaxilə avtomobili, üç iş maşını və 121 nəfərlik heyət göndərilib.

Türkiyənin Manisa vilayətinin Şehzadeler rayonunda baş verən meşə yanğını ilə bağlı bir nəfər həbs edilib. Avqustun 11-də yerli vaxtla saat 16:45 radələrində başlayan yanğın, küləyin təsiri ilə qısa müddətdə meşəyə yayılıb. İzmir Meşə Regional İdarəsinə məxsus 4 helikopter, 17 yanğınsöndürmə briqadası və 3 texnika əraziyə cəlb edilib. Yanğın havadan və qurudan müdaxilə edilərək nəzarət altına alınıb.

Albaniya Müdafiə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə baş verən 64 yanğından 24-ü hələ də aktivdir. Yanğınlarla mübarizə Albaniya Mülki Müdafiə Agentliyinin koordinasiyası ilə 10 mindən çox şəxsi heyətin iştirakı ilə aparılır. Gecə boyu davam edən söndürmə işlərində əsas diqqət yaşayış məntəqələri və milli parklar yaxınlığındakı alovların qarşısının alınmasına yönəldilib. Qramş və Delvin bölgələrində yanğınların sürətlə yayılması səbəbindən əhalinin dərhal ərazini tərk etməsi tövsiyə olunub.

Ölkənin müxtəlif bölgələrində baş verən yanğınlar səbəbindən Achaia, Sakız (Xios) adası və Epirusda çoxsaylı yaşayış məntəqələri boşaldılıb. “112” qaynar xətti vasitəsilə yerli sakinlərə təxliyə barədə xəbərdarlıqlar göndərilib. Yanğınsöndürmə işlərinə 4850 nəfərlik heyət cəlb olunub, səhər saatlarından hava qüvvələri yenidən su tökmə əməliyyatlarına başlayıb. Achaia prefekturasında Patra yaxınlığındakı Sihena bölgəsində başlayan yanğın bir neçə evə ziyan vurub, Sakız adasında isə kəndlər tamamilə boşaldılıb və kənd təsərrüfatı sahələri, fermalar, anbarlar, nəqliyyat vasitələri ciddi ziyan görüb. Epirusun Preveze bölgəsindəki Ziros bələdiyyəsində yanğın təxminən 30 kilometrlik əraziyə yayılıb.