#İsrail HƏMAS münaqişəsi

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS-ın yüksək rütbəli polis zabiti silahlı hücum nəticəsində öldürülüb. HƏMAS-a bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, naməlum şəxslər hərəkətdə olan avtomobildən atəş açaraq Xan Yunis cinayət axtarış şöbəsinin rəisi Mahmud əl-Astalı qətlə yetiriblər. HƏMAS rəhbərliyi bu hücumda "İsrail əməkdaşlarını" ittiham edib. Hücumun məsuliyyətini Xan Yunisin şərqində, İsrailin nəzarəti altındakı bölgədə fəaliyyət göstərən anti-HƏMAS qruplaşmasının lideri Hüsam əl-Astal öz üzərinə götürüb. O, sosial şəbəkə hesabında paylaşdığı videoda HƏMAS ilə əməkdaşlıq edənləri hədələyərək hücumların davam edəcəyini bildirib. İsrail hərbi rəsmiləri isə ərazidə hər hansı əməliyyatdan xəbərsiz olduqlarını bəyan ediblər.