#Dövlət Proqramı

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında ölkənin iqtisadi inkişaf prioritetləri ilə bağlı mühüm məsələlər müzakirə olunub. Görüşdə 2026-2030-cu illəri əhatə edən turizmin inkişafı üzrə Dövlət Proqramının layihəsi, eləcə də dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivləri diqqət mərkəzində olub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və iqtisadiyyat naziri Mikayıl Cabbarov təqdimatlarla çıxış ediblər.

İnnovativ yanaşmalarla davamlı inkişaf xəttini gücləndirən Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb. Hesabat beynəlxalq Qlobal Hesabat Təşəbbüsü standartlarına uyğun tərtib olunub və müəssisənin şəffaflıq, hesabatlılıq və uzunmüddətli inkişaf prinsiplərinə sadiqliyini əks etdirir. Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, sərnişinlərə göstərilən xidmətin keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə sahələrində görülən işlər yer alıb.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb. Müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir.