#livan hizbullah israil

İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə İsrail ordusu son dövrlərdə Livanın cənubunda və sərhəd xətti boyunca əlavə hərbi məntəqələr yaradıb. Ötən ay quru işğalına yenidən başlayan İsrail ordusu 2024-cü ildəki atəşkəsdən sonra Livan ərazisində qalan 5 strateji nöqtəni nəzarətdə saxlamağa davam edir. Şahidlərin ifadələrinə istinadən hazırlanan xəbərdə İsrailin Livan torpaqlarında qurduğu hərbi postların sayının iki qat artacağı gözlənilir.

Livan Prezidenti Cozef Aun cümə günü verdiyi bəyanatda İsrail hərbi hava qüvvələrinin ölkənin cənubundakı Nəbatiyə şəhərində yerləşən hökumət binasına endirdiyi zərbə nəticəsində 13 dövlət təhlükəsizlik əməkdaşının həlak olduğunu açıqlayıb. Prezident bu hücumu kəskin pisləyərək, dövlət təsisatlarının hədəf alınmasının Livanı öz suverenliyini müdafiə etməkdən çəkindirməyəcəyini vurğulayıb.

İsrail ordusu Hizbullahın iqtisadi sütunu hesab edilən "Al-Qard Al-Hasan" assosiasiyasına qarşı genişmiqyaslı və sistematik hərbi kampaniyaya başlayıb. Bu addım qruplaşmanın maliyyə infrastrukturunu çökdürmək və gəlir mənbələrini tamamilə kəsmək məqsədi daşıyır. 2024-cü il müharibəsində hədəf alınan, lakin sonradan fəaliyyətini bərpa edən bu qurum, hazırkı münaqişədə yenidən əsas hədəfə çevrilib. İsrail aviasiyası Beyrut, Beka vadisi və Livanın cənubundakı əksər filiallara intensiv hava zərbələri endirib. İsrail ordusunun sözçüsü Aviçay Adrae bildirib ki, Hizbullah mülki binaların altındakı gizli anbarlarda terror fəaliyyətlərini maliyyələşdirmək üçün milyonlarla dollar nağd vəsait saxlayır.

İsrail ordusunun Livanın cənubu, Bekaa bölgəsi və paytaxt Beyruta təşkil etdiyi son hava hücumları nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, ölkənin cənubundakı Sur şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) bir avtomobili hədəf alıb və nəticədə 1 nəfər dünyasını dəyişib. Eyni zamanda, Bekaa bölgəsinin Ber Elyas rayonunda bir mənzilə endirilən zərbə nəticəsində "Camaat-i İslami" təşkilatının rəsmisi Yusuf ed-Dahukun iki oğlu həlak olub, özü isə ağır yaralanıb.

Livanın Təhsil və Ali Təhsil Nazirliyi ölkədəki mövcud hərbi vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb. Açıqlamada bildirilir ki, can təhlükəsizliyi və fövqəladə təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, ölkə daxilindəki bütün özəl və dövlət məktəblərində, həmçinin peşə və texniki təhsil müəssisələrində təhsil müvəqqəti olaraq dayandırılıb. Nazirlik hadisələrin gedişatını anbaan izlədiyini və qərarların gündəlik təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq yenilənəcəyini vurğulayıb.

Livanın xarici işlər naziri Yusuf Rəcci İsrailin Livana qarşı genişmiqyaslı hücumlara hazırlaşdığına dair ərəb və beynəlxalq tərəflərdən xəbərdarlıqlar aldıqlarını bildirib. Nazir Rəcci Qətər mərkəzli “Al Jazeera” ərəb televiziya kanalına gündəmlə bağlı açıqlamalar verib. Rəcci atəşkəsə baxmayaraq İsrailin Livan ərazisinə hücumlarını davam etdirdiyinə diqqət çəkərək, bunun dayandırılması üçün intensiv diplomatik fəaliyyət apardıqlarını qeyd edib.

“Hizbullah” və təşkilatın rəhbərliyi hələlik Livanla İsrail arasında birbaşa və ya dolayı danışıqlar məsələsində açıq mövqe bildirmir. Prezident Cozef Aunun Livanın danışıqlara hazır olduğunu elan etməsindən iki həftə keçsə də, partiya tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur. Məlumata görə, Livanın rəsmi instansiyaları atəşkəsin monitorinqi üçün yaradılmış “Mexanizm komitəsi”nin genişləndirilməsinə, komitəyə mülki şəxslərin daxil olmasına razılıq verib. Bu qurumun İsraillə dolayı danışıqları aparması nəzərdə tutulur. Lakin bu barədə rəsmi bəyanat yayılmayıb. Eyni zamanda bildirilir ki, Livan, İsrailin mövqeyini gözlədiyi üçün açıqlama vermir. Əgər İsrail danışıqlara razı olmasa, Beyrut tərəfinin mövqeyi siyasi cəhətdən çətin vəziyyət yarada bilər.