#Qəzza razılaşması

ABŞ hökumətinin İsrailin Qəzza sərhədinə yaxın ərazidə hərbi baza inşa etməyi planlaşdırdığı bildirilir. ABŞ administrasiyası İsrail hökuməti və Ordusu (IDF) ilə aparılan danışıqlar çərçivəsində layihə təklifi təqdim edib və Qəzza ətrafında potensial yerlərin araşdırılmasına başlanılıb.

Qəzza Bələdiyyəsi təsdiqləyib ki, elan olunmuş atəşkəsə baxmayaraq, davam edən İsrail təcavüzü nəticəsində zolaq genişmiqyaslı və misilsiz dağıntılarla üzləşib və infrastrukturun təxminən 85 faizi birbaşa və ya dolayısı ilə zərər görüb. Bələdiyyənin açıqlamasında qeyd olunub ki, ziyan bir çox həyati sahələri əhatə edir və artıq Qəzza tammiqyaslı bərpaya ehtiyac duyur.

ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.

İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat bölgəsinə hava hücumu həyata keçirib. İsrail ordusu açıqlamasında bildirib ki, “İslami Cihad” qruplaşmasının döyüşçüləri bölgədə İsrail əsgərlərinə qarşı əməliyyat hazırlığında olub. Bu səbəbdən Nuseyrata hava hücumu həyata keçirilib.