İsrailin giriş məhdudiyyətlərini və gücləndirilmiş təhlükəsizlik tədbirlərini tətbiq etməsinə baxmayaraq, təxminən 60 min fələstinli Qüdsdə yerləşən Əl-Əqsa məscidində cümə namazını qılıb. İslam Vəqf İdarəsinin məlumatına görə, səhər saatlarından etibarən minlərlə insan məscid kompleksinə axın edib. İsrail qüvvələri isə Köhnə Şəhər və məscid ətrafında əlavə yoxlama məntəqələri quraraq nəzarəti artırıb. Son illərdə dəfələrlə tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, fələstinlilər Əl-Əqsa məscidində ibadət və dini mövcudluğun qorunmasının vacibliyini vurğulayırlar.
#Dini azadlıqlar
ABŞ-da fəaliyyət göstərən müsəlman təşkilatları Konqresdə keçirilən dinləmələrin müsəlman icmasına qarşı siyasi təzyiq alətinə çevrildiyini iddia ediblər. Müsəlman təşkilatları Respublikaçılar Partiyasının təşəbbüsü ilə keçirilən bəzi dinləmələrin İslam və müsəlman amerikalılar barədə mənfi təsəvvür yaratmağa xidmət etdiyini bildiriblər. Onların fikrincə, bu proseslər dini azadlıqların qorunması deyil, əksinə, qorxu və stereotiplərin gücləndirilməsinə yönəlib.
İtaliyada hakim partiya burka və niqabı bütün ictimai yerlərdə qadağan etmək üçün qanun layihəsi təqdim edib. Qadağanı pozanlara 300 ilə 3 min avro arasında cərimə tətbiq olunacaq. Bu qadağa artıq Lombardiya bölgəsində qüvvədə idi. İtaliyada hakimiyyətdə olan İtaliyanın Qardaşları Partiyası, "İslamla əlaqəli mədəni parçalanma ilə mübarizə" adı altında hazırlanmış geniş qanun layihəsinin bir hissəsi kimi, ictimai yerlərdə burka və niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.