İqtisadçı Frederik Şnayder Hörmüz boğazının bağlanmasının Körfəz ölkələrinə ciddi təsir göstərdiyini bildirib. Xüsusilə Küveyt, Bəhreyn və Qətərin alternativ marşrut imkanlarının məhdud olduğu qeyd olunub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin alternativ yolları olsa da, bunların itkiləri tam kompensasiya edə bilmədiyi vurğulanıb. Yəməndə husilərin Qırmızı dənizdə yaratdığı məhdudiyyətlərin vəziyyəti ağırlaşdırdığı bildirilib. Körfəz ölkələrinin maliyyə ehtiyatları ilə vəziyyəti idarə etdiyi, lakin iqtisadi yükün artdığı qeyd olunub. Alternativ marşrutların Hörmüz boğazını tam əvəz edə bilməyəcəyi bildirilib. Neft qiymətlərinin artımının ehtiyatların istifadəsi və Rusiyanın ixracının artması ilə məhdudlaşdırıldığı qeyd edilib. Gələcəkdə gübrə qiymətlərinin yüksəlməsi kimi əlavə iqtisadi təsirlərin yarana biləcəyi vurğulanıb.
#Husilər
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq husilərin Əl-Məxa şəhərinə hücumlarını pisləyərək gərginliyin azaldılmasına çağırıb. O, son hücumların 2022-ci il atəşkəsindən sonra Yəməndə hərbi fəaliyyətin ən ciddi artımı olduğunu bildirib. Qrundberq bu vəziyyətin tammiqyaslı münaqişənin yenidən başlaması riskini artırdığını qeyd edib. BMT rəsmisi mülki əhalinin və infrastrukturun qorunmasının vacibliyini vurğulayıb. Yəmən hökumətinə bağlı ordu Əl-Məxa hücumunda yeddi nəfərin öldüyünü açıqlayıb. Ölənlər arasında hərbçilər və mülki şəxslər olduğu bildirilib. Hücum nəticəsində azı 30 nəfərin yaralandığı qeyd olunub. Daha əvvəl həyata keçirilən hücumlarda isə 11 nəfərin öldüyü açıqlanmışdı.
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə bağlı Silahlı Qüvvələr husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını açıqlayıb. Hücumların bir neçə cəbhə və istiqamətdə həyata keçirildiyi bildirilir. Əməliyyatlar hökumət qüvvələri ilə husilər arasındakı təmas xəttini də əhatə edir. Yəmən Silahlı Qüvvələri husilərin mövqelərinin və hərbi imkanlarının hədəfə alındığını bildirib. Hökumət qüvvələri əməliyyatların mülki əhalinin qorunması məqsədi daşıdığını açıqlayıb. Hücumların konkret olaraq hansı bölgələrdə həyata keçirildiyi barədə məlumat verilməyib. Tərəflərin mümkün itkiləri ilə bağlı da açıqlama yoxdur. Əməliyyatların nə qədər davam edəcəyi hələlik məlum deyil.
Birləşmiş Ərəb Əmirlikləri husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumunu pisləyib. BƏƏ Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb. Nazirlik hücumu Səudiyyə Ərəbistanının suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Hücumun krallığın təhlükəsizliyi və sabitliyi üçün təhdid yaratdığı vurğulanıb. BƏƏ Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bildirib. Əbu-Dabi krallığın təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəklədiyini açıqlayıb. Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib. Mümkün dağıntılar və xəsarət alanlarla bağlı da məlumat açıqlanmayıb.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin hərbi dəniz qüvvələri Qırmızı dənizdə neft tankerinə qarşı partlayıcı qayıqla planlaşdırılan hücumun qarşısını aldıqlarını bildiriblər. Məlumata görə, Əl-Muxa yaxınlığında aşkarlanan qayıq hədəfə çatmamış partlayıb. Hökumət qüvvələri hücumun arxasında husilərin dayandığını iddia edir. Hadisə ilə bağlı itkilər barədə hələlik məlumat yoxdur.
Körfəz Əməkdaşlıq Şurası husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumlarını qətiyyətlə pisləyib. KƏŞ-in baş katibi Casim Məhəmməd əl-Budeyvi hücumu beynəlxalq və humanitar hüququn pozulması olan terror aktı kimi qiymətləndirib. O, Səudiyyə Ərəbistanının təhlükəsizliyinin bütün Körfəz ölkələrinin təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. KƏŞ Ər-Riyadın sərhədlərini, suverenliyini və müstəqilliyini qorumaq üçün həyata keçirdiyi tədbirlərə tam dəstəyini açıqlayıb.
Qətər Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumunu pisləyib və krallıqla həmrəy olduğunu bəyan edib. Doha mülki şəxslərin hədəfə alınmasını qəbuledilməz adlandıraraq, Səudiyyə Ərəbistanının təhlükəsizlik və suverenliyini dəstəklədiyini bildirib. Bəyanatda regionda sabitliyin qorunmasının vacibliyi də vurğulanıb.
Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Fəhmi husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə və Yəmənin Mərib və Hədrəmaut vilayətlərində hökumət qüvvələrinə qarşı hücumlarını pisləyib. O bildirib ki, bu hücumlar regionun təhlükəsizliyi və sabitliyini təhdid edir, gərginliyin azaldılması imkanlarını zəiflədir. Ərəb Liqası Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edərək hücumların dayandırılmasına və siyasi dialoqa qayıdılmasına çağırıb.
Yəməndə qanuni hökuməti dəstəkləyən Ərəb koalisiyasının Birgə Qüvvələr Komandanlığı Husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 11 mülki şəxsin yaralandığını açıqlayıb. Koalisiyanın rəsmi sözçüsü general-mayor Turki əl-Maliki bildirib ki, hücumlar 6 avqust 2026-cı il tarixində həyata keçirilib. Yaralananlardan 7-si Səudiyyə Ərəbistanı vətəndaşı, o cümlədən bir qadın və ikinci dərəcəli yanıq xəsarəti alan 4 yaşlı uşaqdır.
ABŞ-ın Yəməndəki səfirliyi husilərin Mərib və Hədrəmautdakı hücumlarını "qorxaq hücumlar" adlandıraraq pisləyib. Diplomatik missiya həlak olan Yəmən hərbçilərinin ailələrinə başsağlığı verib və bu hücumları Yəmən xalqına qarşı terrorun növbəti nümunəsi kimi qiymətləndirib. Səfirlik bildirib ki, belə hücumlar ölkədə sabitliyin bərpasına yönəlmiş səylərə zərbə vurur. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin Fövqəladə Hallar Qüvvələri Mərib və Hədrəmautdakı düşərgələrinə raket və PUA hücumu edildiyini açıqlayıb. Hücumların husilər tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hadisə nəticəsində çoxsaylı ölən və yaralananların olduğu, həmçinin ciddi maddi ziyanın dəydiyi bildirilir. Yəməndə 2022-ci ildən davam edən nisbi sakitliyə baxmayaraq, son həftələr döyüşlər yenidən intensivləşib.
Husilərin Səudiyyə Ərəbistanına məxsus neft tankerinə hücum etdiklərini bildirməsindən sonra dünya bazarında neft bahalaşıb. Brent markalı neft 80,87 dollara, WTI isə 76,67 dollara yüksəlib. Analitiklər qiymət artımını Yaxın Şərqdə dəniz daşımaları və neft tədarükü ilə bağlı narahatlıqların yenidən güclənməsi ilə əlaqələndirirlər. Husilər hücumun Yənbu limanı yaxınlığında ballistik raketlə həyata keçirildiyini iddia ediblər. Səudiyyə Ərəbistanı bu iddialara hələ münasibət bildirməyib.