Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında səmimi dialoq baş tutub. Qeyri-rəsmi dialoq Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi zamanı baş tutub. Qeyd edək ki, Sülh Şurasının bəyan edilmiş məqsədi “sabitliyə töhfə vermək, qanuni idarəetməni bərpa etmək və münaqişə bölgələrində davamlı sülhü təmin etmək”, ilk növbədə isə 2023–2025-ci illər müharibəsindən sonra Qəzza sektorunda bu məqsədlərə nail olmaqdır.
#Davos İqtisadi Forumu
ABŞ ümumilikdə 18 trilyon dollarlıq rekord investisiya öhdəlikləri əldə edib. ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında bildirib. "Bayden administrasiyasının ölkəmizə 1 trilyon dollardan az yeni investisiya cəlb etdiyi dörd ildən sonra rekord həddə - 18 trilyon dollarlıq öhdəliklər əldə etdik və yekun hesablama aparıldıqda ümumi məbləğin 20 trilyon dollara yaxın olacağını gözləyirik. Tarixdə heç bir ölkə buna nail olmayıb, hətta ona yaxınlaşmayıb", - Tramp bildirib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davos İqtisadi Forumunun (DİF) 56-cı illik toplantısı çərçivəsində təşkil olunan “GovTech” həllərinin tətbiq dairəsinin genişləndirilməsi mövzusunda panel sessiyada iştirak edib.
NATO Baş Katibi Mark Rutte İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Avropa özünü müdafiə edə bilərmi?” adlı paneldə çıxış edərək, Qrenland məsələsinin dostane şəkildə həll edilməli olduğunu, lakin əsas problemin Ukrayna olduğunu bildirib. Rutte çıxışında deyib ki, Ukrayna bir nömrəli prioritet olmalıdır, çünki bu, həm Avropanın, həm də ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. O, həmçinin Qrenland məsələsində arxa planda işlədiyini, lakin bunu ictimaiyyətə açıqlaya bilmədiyini vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə sərt reaksiya verib. Fransa lideri ABŞ-ın mümkün yüksək gömrük rüsumlarını “tamamilə qəbuledilməz” adlandıraraq, tariflərin davamlı şəkildə artırılmasının beynəlxalq ticarət sisteminə ciddi zərər vurduğunu vurğulayıb.
Suriya Prezidenti Əhməd Əş-Şəraa bu həftə keçiriləcək Davos Dünya İqtisadi Forumu illik toplantısında iştirak planlarını ləğv edib, forumun yüksək səviyyəli nümayəndəsi bunu təsdiqləyib. Onun iştirakı Suriyalı dövlət başçısının forumda ilk dəfə iştirak etməsi olacaqdı. İştirakçılar bu qərardan məyus olduqlarını bildiriblər, çünki Əş-Şəraa Suriya iqtisadiyyatında aparılan islahatlar və investisiya imkanları barədə danışa bilərdi. Lakin ölkədəki mövcud problemlər, o cümlədən Hələb, Rəqqa və Həsəkə bölgələrində Suriya Demokratik Qüvvələrinə qarşı hərbi əməliyyatların intensivləşməsi bu qərara təsir göstərmiş ola bilər.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə hələ də “prioritetlərin önündə” dayanır. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Misir lideri vurğulayıb ki, Fələstin məsələsinin həlli regional sabitliyin əsas şərti və ədalətli, hərtərəfli sülhün əldə olunması üçün mühüm təməl hesab olunur. Əs-Sisi ABŞ Prezidenti Donald Trampın Qəzzada İsrail–HƏMAS müharibəsini dayandıran atəşkəsin əldə olunması istiqamətində göstərdiyi səyləri də yüksək qiymətləndirib. Qeyd edək ki, sözügedən atəşkəs ötən ilin oktyabr ayında əldə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah çərşənbə axşamı Davosda keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il illik toplantısı çərçivəsində fələstinli həmkarı Dr. Məhəmməd Mustafa ilə görüşüb.
Biz qaz hasilatını artırır, neft hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
ABŞ Prezidenti Donald Trampı Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Davos şəhərinə aparan “Air Force One” təyyarəsi texniki nasazlıq səbəbilə havaya qalxdıqdan qısa müddət sonra geri qayıdıb. Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib ki, uçuşdan az sonra təyyarədə elektrik sistemində kiçik texniki problem aşkarlanıb. Onun sözlərinə görə, təhlükəsizlik protokollarına uyğun olaraq uçuş dərhal dayandırılıb və təyyarənin geri qayıtmasına qərar verilib.