#tenderə müdaxilə

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsinə qarşı “vəzifədən sui-istifadə”, “rüşvət”, “dələduzluq” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladılıb. AzerVoice-un məlumatına görə, istintaq çərçivəsində aparılan əməliyyat zamanı bələdiyyəyə və şübhəlilərə məxsus ünvanlar da daxil olmaqla ümumilikdə 72 yerdə eyni vaxtda axtarış keçirilib. Bayrampaşa Bələdiyyəsinin sədri Hasan Mutlu, beş bələdiyyə sədrinin müavini, beş bələdiyyə məclisinin üzvü ilə birlikdə barələrində həbs qərarı çıxarılan 48 nəfərdən 45-i saxlanılıb.

Antalya Polis İdarəsinin rəisi İlker Arslan rüşvət işi ilə bağlı şəhər hakimiyyətinin qərarı əsasında saxlanılıb. Arslan özü polisə təslim olub. Onun yerinə isə idarə rəisinin müavini Murat Baz təyin edilib. İlker Arslanın adı bu ilin iyul ayında həbs edilən Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekə qarşı açılmış rüşvət işi üzrə istintaq materiallarında hallanıb. Bəzi iş adamlarının ifadələrinə görə, o, bələdiyyənin keçirdiyi tenderlərdə korrupsiya sxemlərində iştirak edib. Antalya Baş Prokurorluğu Arslanın “rüşvətdə vasitəçilik, ağırlaşdırılmış dələduzluq və qanunsuz əmlak əldəetmə” maddələri ilə saxlanılması barədə order verib.

Türkiyədə vəzifəsindən uzaqlaşdırılan Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler barəsində yenidən həbs qərarı verilib. Məhkəmə prokurorluğun onun azadlığa buraxılması ilə bağlı qərara etirazını qəbul edib. Prokurorluq Köselerlə yanaşı Veli Gümüş, Serdar Karahan, Havva Dindar və Uğur İnci barədə də azadlığa buraxılma qərarına etiraz edərək onların həbsini tələb edib. Köselerin də aralarında olduğu, 13-ü həbsdə olmaqla ümumilikdə 26 nəfər barəsində “tenderə müdaxilə” və “cinayət məqsədilə təşkilat qurmaq, üzvlük və yardım göstərmək” ittihamları üzrə aparılan istintaqda, Köseler üçün 17 il 6 aydan 67 il 3 aya qədər həbs cəzası istənilib. Digər 25 təqsirləndirilən şəxs üçün də müxtəlif ittihamlarla fərqli müddətlərdə həbs cəzaları tələb olunub.