7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına davam edən hücumlarında həyatını itirənlərin sayı 64 min 368-ə çatdı. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumlarında son 24 saatda baş verən can itkiləri və yaralanmalara dair məlumatlar paylaşılıb. Bildirilib ki, son bir sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 68 meyit və 362 yaralı gətirilib. İsrail ordusunun 19 yanvar tarixində əldə edilən atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda ümumilikdə 11 min 828 fələstinli həyatını itirib, 50 min 326 nəfər isə yaralanıb.
#İsrail Qəzza münaqişəsi
İsrail ordusunun sözçüsü, briqada generalı İvi Dibrin (Evy Dibrin) cümə axşamı açıqlamasında bildirib ki, ordunun hazırda Qəzza şəhərinin təxminən 40 faizinə nəzarət edir. O, yaxın günlərdə əməliyyatların daha da genişlənəcəyini və intensivləşəcəyini vurğulayıb. Məqsəd şəhərə tam nəzarəti ələ almaq və HƏMAS-ı hərbi cəhətdən zəiflətməkdir. Ötən həftə İsrail Qəzza şəhərini rəsmi olaraq “döyüş bölgəsi” elan edib. Şəhərin bəzi hissələri “qırmızı zona” kimi tanınıb və yerli əhalidən təxliyə olunmaları tələb edilib. İsrail mətbuatının yazdığına görə, 200 minə yaxın fələstinlinin evlərini tərk etməkdən imtina edəcəyi gözlənilir.
İsrailin “Haaretz” qəzeti yazır ki, ordu Qəzza şəhərini işğal etmək üçün həm çağırışçı əsgərlərin, həm də binaların dağıdılması üçün zəruri olan buldozerlərin çatışmazlığından əziyyət çəkir. Çərşənbə günü İsrail ordusu Qəzza şəhərinin tam işğalı üçün “Gideon Arabaları - 2” adlı əməliyyata start verib. Qəzet yazır ki, ilkin açıqlamalarda çağırılan ehtiyat əsgərlərin əksəriyyətinin İordan çayının Qərb sahili və İsrailin şimalında (Livan və Suriya istiqamətində) xidmət edən nizami qüvvələrin yerini alacağı bildirilmişdi. Lakin indi ən azı üç ehtiyat briqadasının birbaşa Qəzzada yerləşdirilməsi planlaşdırılır.