#Azərbaycan-Türkiyə

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 107 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.