#Tayvan böhranı

Çinin suverenlik mübahisəsi yaşadığı Tayvan ətrafında başladığı hərbi təlimlər ikinci günündə də davam edir. Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Şərq Cəbhəsi Komandanlığının sözçüsü, kapitan Li Si bildirib ki, komandanlığa tabe quru qoşunları səhər saatlarında adanın şimalında sulara yerləşdirilən hədəflərə qarşı uzunmənzilli atış təlimləri keçirib. Komandanlıqdan verilən ayrı açıqlamada isə təlimlər çərçivəsində dəniz hədəflərinə qarşı hücum simulyasiyalarının, hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı müdafiə əməliyyatlarının icra ediləcəyi qeyd olunub.

ABŞ Prezidenti Donald Tramp Tayvanla münasibətlər üçün institusional qaydaları nəzərdən keçirmək və hesabat vermək üzrə Dövlət Departamentinin mövcud öhdəliklərini daimi olaraq genişləndirən Tayvan Təminatının İcrası Qanununu imzalayıb. Ağ Ev Trampın Dövlət Departamentinə Tayvanla rəsmi əlaqələr üçün qaydaları ən azı beş ildən bir nəzərdən keçirməyi tapşıran Tayvan Təminatının İcrası Qanununu imzaladığını açıqlayıb.

ABŞ Çinlə mümkün silahlı qarşıdurmaya hazırlıq məqsədilə dənizdə istifadə ediləcək pilotsuz aparat donanması üzərində işləyir. Prototiplərin sınaqları Kaliforniya sahillərində, Sakit okeanda keçirilib. Testlər zamanı gəmilərdən biri proqram təminatındakı nasazlıq səbəbindən qəfil dayanaraq okeanda sürüklənib, digər sürətli pilotsuz kater isə ona çırpılaraq göyərtənin üzərindən aşıb keçib.