#ABŞ-ın Yaxın Şərq siyasəti

ABŞ hökumətinin İsrailin Qəzza sərhədinə yaxın ərazidə hərbi baza inşa etməyi planlaşdırdığı bildirilir. ABŞ administrasiyası İsrail hökuməti və Ordusu (IDF) ilə aparılan danışıqlar çərçivəsində layihə təklifi təqdim edib və Qəzza ətrafında potensial yerlərin araşdırılmasına başlanılıb.

Türkiyənin Xarici İşlər Nazirliyi İsrail parlamentinin (Knesset) işğal altındakı İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini təsdiqləməsinə kəskin etiraz bildirib. Nazirliyin yazılı açıqlamasında qeyd olunub ki, İsrailin bu addımı beynəlxalq hüquqa ziddir və “yox hükmündə” sayılır. “Qəzzada sülh səylərinin davam etdiyi bir vaxtda atılan bu təxribat xarakterli addım bölgədəki təhlükəsizlik və sabitliyi ciddi şəkildə təhdid edir”, – açıqlamada vurğulanıb.

ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar paketi İraq siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Xüsusilə “Həşd əş-Şaabi” Təşkilatının iqtisadi qolu sayılan “əl-Mühəndis” Dövlət Şirkətinin sanksiya siyahısına salınması, ölkənin əsas şiə siyasi güclərindən biri olan Koordinasiya Çərçivəsi qüvvələrinin ciddi narazılığına gətirib çıxarıb. Bu qüvvələr Vaşinqtonun addımını İraqın suverenliyinə və milli institutlarına birbaşa müdaxilə kimi qiymətləndirirlər.