#Prezident İlham Əliyev

Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı.

“Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Dövlətimizin başçısı bildirib: “Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı”.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar. Sonra Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər.