Avropada aparılan tədqiqatda müəyyən edilib ki, iqlim dəyişiklikləri bu yay şəhərlərdə isti hava şəraitini gücləndirib və istiliklə əlaqədar ölüm sayı 16 min 500 nəfərə çatıb. İngiltərənin Imperial College London və London School of Hygiene & Tropical Medicine mütəxəssislərinin iqlim modelləşdirmə üsulu ilə apardıqları tədqiqatda iyun-avqust ayları arasında Avropanın 854 şəhərində ölüm hallarına baxılıb. Tədqiqatda vurğulanıb ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən isti dalğaları daha şiddətli və tez-tez baş verir. İstilik Avropanın araşdırılan şəhərlərində orta hesabla 2,2 dərəcə artıb, bəzi yerlərdə isə bu artım 3,6 dərəcəyə çatıb.
#İstilik fəlakəti
2025-ci ilin iyul ayı dünyada qeydə alınan üçüncü ən isti iyul ayı olaraq tarixə keçdi. Bu ay Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 50,5 dərəcə ilə bütün zamanların istilik rekordu qırıldı və Cənub-Şərqi Avropa istilik dalğaları və meşə yanğınları ilə üz-üzə qaldı.
Türkiyə Meteoroloji Ümumi İdarəsinin məlumatlarına əsasən, Türkiyədə iyul ayında temperatur mövsüm normallarından ölkə üzrə orta hesabla 6-12 dərəcə yüksək olub. İyulun ilk həftəsindən başlayaraq temperatur bütün ölkə üzrə mövsüm normallarının üzərində seyr edib və beləliklə, Türkiyə Avropanın bir çox bölgəsindən daha isti yay ayı yaşayıb.
"Afrika istisi" və ya "səhra istisi" ifadəsinin qaynağı olaraq göstərilən Afrika qitəsinin hava şəraiti və Türkiyədə cəmi bir neçə gün davam edən, lakin Afrikanın bəzi bölgələrini aylarla təsir edən temperaturlar həyata mənfi təsir göstərə bilər.
Aralarında Aralıq dənizi, Türkiyə, Avropa, ABŞ, Yaxın Şərq, Okeaniya və Asiyanın da olduğu dünyanın müxtəlif bölgələrində rekord həddə çatan istilər qeydə alınır. Gələcək günlərdə də havanın yüksək temperaturla davam edəcəyi proqnozlaşdırılır.