#Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb. Bildirilib ki, ibtidai istintaqla həmin Mərkəzin direktoru Mehman Əliyevin baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaş Mehman Qəribovun köməkçiliyi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını faktiki olaraq icra etməyən şəxslərə əmək haqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitinin nağdlaşdırılmasına nail olmaqla onlara etibar edilmiş külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamalarına əsaslı şübhələr müəyyən edilib.

Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans keçirilir. Qonaqlar "Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi", "Azərbaycan ədəbi dilinin vahid norması", "Mediada Azərbaycan dilinin qorunması: davranış kodeksi və maarifləndirmə" və s. mövzularda çıxış edəcəklər.

Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri və xarici qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanın mədəni potensialını, nəşriyyat işinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. O bu cür layihələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

25-26 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium təşkil olunacaqdır. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunur və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcəkdir.