#Fələstin dövlətinin tanınması

Fələstin Dövlətinin Londondakı Səfirliyi rəsmi olaraq fəaliyyətə başlayıb. Əvvəllər Fələstin missiyası kimi fəaliyyət göstərən diplomatik nümayəndəlik Londonun qərbində, Hammersmith bölgəsində yerləşən binada açılıb. Açılış mərasimində bir sıra xarici diplomatlar, Böyük Britaniyanın diplomatik nümayəndəsi Alistair Harrison, eləcə də Fələstinə dəstək göstərən ictimai fəallar iştirak ediblər.

Yaponiya Baş naziri İşiba Şigeru, İsrailin iki dövlətli həll prosesini əngəlləyən addımlarını davam etdirməsi halında ölkəsinin Fələstin dövlətini tanıya biləcəyini bəyan edib. İşiba, BMT-nin 80-ci Baş Assambleyasında çıxışı zamanı İsrailin Qəzzadakı hücumlarını “qətiyyən qəbuledilməz” adlandıraraq onların dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel bazar günü Nyu-Yorkda verdiyi açıqlamada, hökumətin Fələstini dövlət olaraq tanıdığını bildirib. Rangel bu addımın, “qalıcı sülh üçün yeganə həll yolunun iki dövlətli həll olduğu” vizyonunu dəstəklədiyini vurğuladı.

Yaponiyada 206 millət vəkili xarici işlər naziri İvaya Takeşiyə məktub təqdim edərək, Fələstin dövlətinin tanınmasını tələb ediblər. Ölkənin müxalif Konstitusiya Demokrat Partiyası (CDP) ilə yanaşı hakim Liberal Demokrat Partiya (LDP) və digər müxtəlif partiyaların nümayəndələrindən ibarət qrup bu məktubu imzalayıb. XİN rəhbəri isə “bu qədər imzanın toplandığı üçün məsələni ciddi qəbul etdiyini” bildirib.

Avropa Parlamenti, qəbul etdiyi yeni qərarla Avropa İttifaqına üzv ölkələri Fələstin Dövlətini tanımağı nəzərdən keçirməyə çağırıb. Qərar məcburi xarakter daşımır, lakin üzv dövlətlərə birbaşa tövsiyə mahiyyəti daşıyır. Parlament daha əvvəl “prinsipcə Fələstin dövlətinin tanınmasını” dəstəkləmişdi, lakin bu dəfə qəbul edilən sənəd hökumətləri daha açıq şəkildə hərəkətə keçməyə dəvət edir.

İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Bart de Viveri “zəif lider” adlandırıb. Netanyahu bu ifadəni Belçikanın digər Avropa ölkələrinin nümunəsini izləyərək Fələstin dövlətini tanımaq niyyətinə görə işlədib. Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir: “Belçika baş naziri de Viver zəif liderdir. O, İsrailin hesabına radikal islamçı terroru sakitləşdirməyə çalışır. Terror timsahını bəsləyərək onun Belçikanı udmasını gecikdirəcəyinə ümid edir. İsrail buna razı olmayacaq və özünü müdafiə etməyə davam edəcək.”

Fransa ilə İsrail arasında gərginlik artmaqdadır. Dünən, Parisin Fələstin dövlətini tanımaq qərarından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronu “antisemitizmi qızışdırmaqda” ittiham edib. Bu bəyanata cavab olaraq Fransanın rəsmi dairələri Netanyahunun sözlərini “alçaq və saxtakar” adlandırıb.

Niderland hakimiyyəti yaxın vaxtlarda Fələstin dövlətini rəsmi şəkildə tanımağı planlaşdırmır. Bu fikri Niderland Krallığının xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp parlamentdə Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı keçirilən müzakirələr zamanı səsləndirib. “Hazırda Niderland Fələstini dövlət kimi tanımağı planlaşdırmır” - deyə, o bildirib. Debatlar zamanı bir neçə deputat hökumətə Fələstini tanımaq çağırışı edib. “Denk” Partiyasının nümayəndəsi Stefan van Baarle də daxil olmaqla bir sıra deputatlar İsrailə silah ixracının qadağan edilməsini də tələb ediblər.