#EUROCONTROL

İstanbul Hava Limanı gündəlik orta hesabla 1624 uçuşla bir daha Avropanın ən sıx hava limanı olub. AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir həmçinin bildirib ki, gündəlik orta hesabla 1024 uçuşla Antalya Hava Limanı Avropanın ən sıx 9-cu hava limanı olub. Onun sözlərinə görə, qlobal miqyasda fəaliyyət göstərən 25 hava limanı arasında 1–7 sentyabr 2025-ci il tarixlərində gündəlik orta hesabla 821 uçuş həyata keçirən İstanbul Hava Limanı dünya üzrə 5-ci yerdə qərarlaşıb.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 18-24 avqust tarixlərini əhatə edən “Avropa Aviasiya Hesabatı”nı dərc edib. Hesabata əsasən, İstanbul Hava Limanı bu dövrdə gündəlik 1635 uçuşla Avropanın ən sıx hava limanları siyahısında liderliyi ələ keçirib. Hesabatda qeyd olunur ki, İstanbul Hava Limanını gündəlik 1450 uçuşla Amsterdam Hava Limanı, 1432 uçuşla Paris Şarl de Qoll Hava Limanı, 1384 uçuşla Frankfurt Hava Limanı və 1346 uçuşla London Hitrou Hava Limanı izləyib. Bu göstəricilər İstanbulun Avropa aviasiya bazarında mühüm mövqeyini bir daha təsdiqləyir.