#Türkiyədə fırıldaqçılıqla mübarizə

Daxili işlər naziri Ali Yerlikaya jandarma tərəfindən “qanunsuz mərc oyunları və ağır fırıldaqçılıq” cinayətlərinə qarşı aparılan əməliyyatlarda 2 milyard türk lirəsi əməliyyat həcmi ilə 34 şübhəlinin tutulduğunu açıqlayıb. Onlardan 29-u həbs edilib, 5-i barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Nazirin sözlərinə görə, şübhəlilərin sosial şəbəkələrdə saxta “motosiklet, televizor, konteyner” elanları ilə vətəndaşları aldatdıqları, qanunsuz mərc oyunlarına şərait yaratdıqları, internet üzərindən pul köçürmələrinə imkan verdikləri və “kriptovalyuta ilə gəlir” vədləri ilə dələduzluq etdikləri müəyyən edilib. Əməliyyatlar Uşak, İzmir, Qaziantep, Kayseri, Yozgat, Şanlıurfa ilə yanaşı, Hatay, Adana, Ankara, Antalya, İstanbul, Bitlis, Nevşehir, Sakarya, Mersin və Bartın vilayətlərində keçirilib.

Diyarbakır İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsinin Dələduzluq Bürosu tərəfindən aparılan istintaq zamanı şübhəlilərin internet üzərindən mobil telefon satışı ilə bağlı alqı-satqı elanlarını manipulyasiya edərək həm satıcıları, həm də alıcıları aldadaraq ümumilikdə 106 milyon lirə qazanc əldə etdikləri müəyyən edilib. Polis, “Qancaq” adlı əməliyyat çərçivəsində 14 şübhəlini saxlayıb. Onlardan 12-si məhkəmə qərarı ilə həbs edilib, 2 nəfər isə səyahət qadağası ilə azadlığa buraxılıb.

Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, şübhəlilər 31 vilayətdə həyata keçirilən araşdırmalar nəticəsində müəyyən edilərək ələ keçirilib. Saxlanılan şəxslər özlərini dövlət məmuru, hüquqşünas və bank əməkdaşı kimi təqdim edərək, sosial şəbəkələr və tanışlıq proqramları vasitəsilə vətəndaşlara qarşı elektron fırıldaqçılıq və şantaj əməliyyatları həyata keçiriblər. Əməliyyat zamanı şübhəlilərin bank hesablarında ümumilikdə 107 milyon TL-lik əməliyyat həcmi aşkarlanıb.